Əsas məzmuna keç

Komanda

Komandamız

MusicAL-ı yaradan insanlar — təsisçilər, bəstəkarlar, proqramçılar və daha çoxu.

Əkrəm Babayev

CTO · Həmtəsisçi · Proqramçı

Əkrəm Babayev — proqram mühəndisi, MusicAL platformasının CTO-su. Əkrəm Babayev 1993-cü il yanvarın 21-də anadan olub. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Kompüter mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Peşəkar fəaliyyətə 2017-ci ildə başlayıb və 9 ildən artıq müddətdə korporativ sistemlərin — ERP, POS, CRM, anbar və e-learning platformalarının hazırlanması üzrə çalışıb. Portfoliosuna startap platformalarından şirkətlərarası B2B inteqrasiya sistemlərinə, veb, iOS və Android üçün çoxplatformalı tətbiqlərdən istehsalat izləmə və yarış idarəetmə sistemlərinə qədər geniş spektrli layihələr daxildir. Hazırda Azərbaycanın iri pərakəndə şəbəkələrindən birində proqram mühəndisi kimi fəaliyyət göstərir. "Pen" adlı şəxsi məhsul brendinin yaradıcısıdır. Bu brend altında hazırlanmış ERP, CRM, anbar, kredit, HR və büdcə idarəetmə sistemləri bir çox şirkətdə tətbiq olunur. Beynəlxalq və rəsmi layihələr sırasında Dünya Capoeira Federasiyasının rəsmi tədris və sertifikasiya platforması WcfAcademy.com və Azərbaycan Capoeira Federasiyasının rəsmi saytı Capoeira.az onun tərəfindən hazırlanıb. Hazırda Azərbaycanın film və serial platforması Kinobox.az-ın texniki cəhətdən yenidən qurulmasına rəhbərlik edir. MusicAL platformasının texniki əsasını — saytdan mobil tətbiqlərə qədər — sıfırdan qurub və platformanın CTO-sudur.

Lalə Əliyeva

Kontent Menecer · Marketinq · Məzmun müəllifi

Musiqişünas, musiqi marketinqi mütəxəssisi və kontent strateqi. Əliyeva Lalə Namiq qızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq ixtisası üzrə bakalavr və magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2016-cı ildən Bakı Musiqi Akademiyasının Mətbuat şöbəsində mütəxəssis kimi fəaliyyət göstərir, müxtəlif musiqi və mədəniyyət layihələrinin həyata keçirilməsində iştirak edir. Musical.az platforması yaradıldığı ilk gündən komandanın əsas üzvlərindən biri kimi fəaliyyət göstərir. Platformada musiqi marketinqi, kontent strategiyası, araşdırma və yaradıcılarla əlaqələrin qurulması istiqamətlərinə rəhbərlik edir. Eyni zamanda platformaya təqdim olunan musiqi nümunələrinin peşəkar keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirir, bəstəkar və musiqi yaradıcıları ilə müsahibələr aparır. Məqalələri müxtəlif qəzet, jurnal və media platformalarında dərc olunub. Peşəkar maraq dairəsinə musiqişünaslıq, musiqi marketinqi, yaradıcı sənayelər, rəqəmsal musiqi ekosistemi və musiqi irsinin beynəlxalq auditoriyaya tanıdılması daxildir.

ilaha Qismat

CEO · Təsisçi · Bəstəkar

İlahə Qismət qızı Abdullayeva bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının əməkdaşı, Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, Mədəni Əlaqələrin İnkişafına Dəstək ib sədri. İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq "simfonik orkestr dirijorluğu" üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb. 2016-cı ildə “Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. “Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi” mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib. Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir. Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub. Bəstəkar həmçinin "Dədə Qorqud" və "Dəmir yumruq" baletlərinin, ilk saz və simfonik orkestr üçün "Qalib xalqın ozanı" poemasının və s. ciddi əsərlərin müəllifidir. 2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır. 2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun "Gənclərlə iş" Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.